- 24.02.1993
- Gəncə
- Əsgər
- Digər
Əliyev Üzeyir Sabir oğlu 24 fevral 1993-cü ildə Göygöl rayonunun Qızılqaya qəsəbəsində anadan olmuşdur. 1999-cu ildə Göygöl şəhər 3 saylı tam orta məktəbinin 1-ci sinfinə daxil olmuşdur. 2007-ci ildə Göygöl həmin məktəbin 9-cu sinfini bitirmişdir. 2007-ci ildə Göygöl musiqi məktəbinə qəbul edilmiş və 5 il musiqi təhsili almışdır.
2011-ci ilin aprel ayından 2012-ci ilin oktyabr ayınadək "N" saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.2020-ci ildə "N" saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır. 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. 2022-ci il 13 sentyabr tarixdə Azərbaycan Ordusunun MAHHXHQ əsgəri olan Üzeyir Əliyev Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısını alarkən şəhid olmuş, 14 sentyabr 2022-ci ildə tarixdə Göygöl rayon Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Üzeyir Əliyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Əliyev Üzeyir "Vətən uğrunda" medalı ilə təltif edilib.
Ailə üzvlərinin dediyinə görə musiqi alətlərində ifa edib və musiqiyə çox həvəsli olub.
Üzeyir haqqında bu qısa məlumatdan sonra öz düşüncələrimi də oxucularla bölüşərkən ilk növbədə onun adına münasibətimi qeyd etmək istərdim.İlk növbədə musiqiçi şəhidimizin adının Üzeyir olması daha çox diqqətimi çəkdi. O, musiqimizin dahisi Üzeyir bəyin adını daşıyan fəqət Vətənin azadlığı uğrunda şücaət göstərən balaca Üzeyirdi. Amma indi onun da adı əbədiyaşarlara həkk olunaraq unudulmayanların sırasında hörmətlə yad edilir. Bəlkə dahi Üzeyir bəyin ruhu belə ona sonsuz bir sevgi bəsləyir. Axı şəhid Üzeyir, dahi Üzeyirin doğulub boya-başa çatdığı Qarabağ torpaqlarını bədxah erməni düşmənlərimizdən qoruyarkən şəhid olub.
Uşaqlıqdan musiqiyə xüsusi maraq göstərən Üzeyirin istedadı əvvəlcə valideynlərinin sonra da qohumların, qonşuların, sinif yoldaşlarının və müəllimlərinin də diqqətini cəlb edir. Üzeyirin məlahətli səsi onların ruhunu oxşayıb könüllərini şad edir. Amma böyüdükcə səhhətindəki problemi onun oxumağına da mane olur. Uşaqlıq ifalarından yalnız bir neçə video lent yadigar qalıb. Anası Fəridə xanım da videoları gözbəbəyi kimi qoruyur. Axı onlar Üzeyirin səs yadigarlarıdır. Fəridə xanım məhz səhhətində olan burnundakı çəpər əyriliyi problemi və onu aradan qaldırmaq imkanının olmaması baxımından Üzeyirin oxumaq həvəsinin musiqi alətlərində ifa etmək bacarığı ilə əvəzləndiyini söylədi. O, musiqi təhsilini qarmon ixtisası üzrə almaqla yanaşı fortopiano, sintezator alətlərində də məharətlə ifa edirmiş. Amma, taleyində peşəkar musiqiçi yox şəhid olmaq var imiş...
İndi Üzeyirdən qalan yalnız xoş xatirələr deyil, həm də ifa etdiyi musiqi alətləridir.
Subay idi. Evin tək oğul övladı idi.