Tariximiz

Haqqında
GƏNCƏ ŞƏHƏRİ

Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biri olan Gəncə şəhərinin ilkin adı Gəncə olsa da 1804-1918-ci illərdə rusların işğalı ilə əlaqədar çar I Aleksandrın arvadı Yelizavetanın şərəfinə Yelizavetpol, 1918-1935-ci illərdə yenidən Gəncə, 1935-1989-cu illərdə S.M. Kirovun şərəfinə Kirovabad, 1989-cu ildən isə Gəncə adlandırılmışdır. 1989-cu ildən Respublika tabeli şəhərdir. Gəncə adının mənşəyi barədə elmi ədəbiyyatda müxtəlif fikirlər mövcuddur. Araşdırıcılardan bir qrupu onu pəhləvi sözü olan “Gəncə” (xəzinə), midiya sözü olan “qauz”, yunan sözü olan “qunicə” kimi izah etməyə çalışsalar da digər qrup araşdırıcılar onu yerli türk dilində “güncək”, “güncü” (günəşdən olan), “gencə” (gen ərazi), habelə qədim türk tayfalarından olan gəncəklərin adı ilə bağlayırlar.

Coğrafi mövqeyi
və təbii şəraiti
Gəncə şəhəri Azərbaycanın qərbində, paytaxt Bakı şəhərindən 363 km ərazidə, Kiçik Qafqaz dağlarının şimal-şərq ətəyində, dəniz səviyyəsindən 400-450 m yüksəklikdə yerləşir. Gəncənin iqlimi mülayim-istidir. Orta temperatur yanvarda 1,1ºC, iyulda isə 25,4 ºC-dir. İllik yağıntı 250-300 mm təşkil edir. Gəncə şəhərində 2 şəhər rayonu, 7 qəsəbə və 4 sahə inzibati ərazi dairəsi vardır.
Gəncə Şəhəri
Gəncə Şəhəri
Gəncə Şəhəri
Gəncə Şəhəri
Gəncə Şəhəri
Gəncə Şəhəri
Gəncə Şəhəri
Tarixi Məlumat

E.ə. XII-II minilliklər Gəncə və Gəncə ətrafında insanları sosial münasibətlərinin formalaşdığı, mağaralardan çıxaraq düzənliklərdə məskunlaşdığı, iri və daimi yaşayış məskənləri salınmağa başladığı dövrdür. E.ə. VII-VI və e.ə. VI-IV minillikləri əhatə edən Neolit, Eneolit dövrlərinə aid Gəncə yaxınlığında Gillikdağda arxeoloji və etnoqrafik materiallar aşkar edilmişdir. Gəncədə sənətin bütün sahələri inkişaf etmiş, sənətkarların birlikləri (əxi), ayrıca məhəllələri yaranmışdır. Əxi üzvlərinə comərdlər (cavan mərd) deyilirdi. Gəncədə belə comərdlərdən biri, VII əsrdə yaşadığı ehtimal edilən, köhnə Gəncə ərazisində qəbri bu günümüzədək hörmətlə ziyarət edilən Comərd Qəssab olmuşdur. IX əsrdən başlayaraq ərəb Xilafətinin zəifləməsi nəticəsində Xilafətə daxil olan ölkələr içərisində müstəqilliyə meyl daha da artdı. Azadlıq mübarizəsinin yenilənməsi nəticəsində bir sıra müstəqil dövlətlər meydana gəldi. Onlardan biri Gəncənin də daxil olduğu Salarilər dövləti (942-981) idi. Salarilərin Arran valisinin iqamətgahı Gəncədə yerləşirdi. Gəncəni Salari hakimi Əli ət-Tazi idarə edirdi. X əsrin ortalarında Bərdə tənəzzül etdikdən sonra Arranın paytaxtı Gəncəyə köçürüldü. X əsrin II yarısında Azərbaycanda meydana gələn müstəqil feodal dövlətlərdən biri də paytaxtı Gəncə olan Şəddadilər dövləti idi. Böyük Səlcuq sultanlığının iqamətgahlarından biri də Gəncədə yerləşirdi. XII əsrin 30-cu illərində Azərbaycanda tarixi hadisə baş verdi – Azərbaycan Atabəyləri dövləti meydana gəldi. Yaxın və Orta Şərqin əzəmətli dövlətlərindən olan Azərbaycan Atabəyləri dövlətinin iqamətgah şəhərlərindən biri həmin dövrdə iqtisadi və siyasi cəhətdən yüksək inkişaf dövrünü yaşayan Gəncə şəhəri idi. 1139-cu il sentyabrın 30-da baş vermiş zəlzələ nəticəsində Gəncə böyük dağıntılara məruz qaldı. Tarixçilərin məlumatına görə zəlzələ nəticəsində 200-300 min nəfər həlak oldu. Zəlzələ zamanı Kəpəz dağı uçaraq Göygöl əmələ gəlmişdi. Mxitar Qoşun məlumatına görə gürcü çarı I Demetre (1125-1156) Gəncə hakimi Qarasonqurun Arranda olmamasından istifadə edərək zəlzələ nəticəsində dağılmış və müdafiəsiz qalmış şəhərə hücum etdi. I Demetre şəhəri qarət edərək Gəncə darvazasını da hərbi qənimət kimi Gürcüstana apardı (hal-hazırda həmin darvaza Gürcüstanda Kutaisi şəhəri yaxınlığındakı Helati monastırındadır). 1231-ci ildə Xarəzmşahlara qarşı baş vermiş Gəncə üsyanı xalq hərəkatının ən yüksək zirvəsi hesab edilir. Sənətkar Bəndərin başçılığı ilə igid gəncəlilər şəhər hakiminin sarayını dağıtdılar, şəhərdəki Xarəzm qarnizonunu məhv etdilər. XVI əsrdə Azərbaycanda Səfəvilər dövləti yarandı. Mərkəzdən idarə olunan dövlət inzibati cəhətdən 13 bəylərbəyliyə bölünmüşdü ki, onlardan biri də mərkəzi Gəncə olan Gəncə-Qarabağ bəylərbəyliyi idi. Şah I Abbas 1606-cı ildə Gəncə şəhərini köhnə yerindən köçürüb, 7-8 km aralıda olan indiki yerində bina etdirdi. Burada meydan, məscid və karvansara elmi və istedadı ilə dövrünün tanınmış memar alimi olan Şeyx Bəhaəddin Məhəmməd Amilin planı üzrə tikilmişdir. Bu gün müasir Gəncənin mərkəzində yerləşən Baş meydan, onun ətrafındakı Şah Abbas məscidi, Çökək hamam, eləcə də onları dövrələyən xan çinarlar həmin dövrün yadigarlarıdır. XVIII əsrin ortalarında Azərbaycanda yaranan müstəqil feodal dövlətlərindən biri də Gəncə xanlığı idi. Çar generalı P.D.Sisianov 1803-cü il noyabrın 20-də Gəncəyə hücum etdi. Gəncə yaxınlığındakı (Quru Qobu) vuruşmada məğlub olan Cavad xan qalaya çəkilərək çar qoşununa uzun müddət müqavimət göstərdi. Nəhayət, 1804-cü il yanvarın 2-də general Sisianov hərbi şura çağırdı, şəhərə hücum etmək qərara alındı.Yanvarın 3-də böyük ordu və artilleriyanın gücü ilə Gəncə qalasına hücum başlandı.Qeyri-bərabər döyüşdə Gəncə qalası süqut etdi. 1918-ci il mayın 30-da böyük dünya dövlətlərinin xarici işlər nazirlərinə Azərbaycanın istiqlaliyyətinin elan olunması haqqında F.Xoyskinin imzası ilə göndərilən teleqramda hökumətin müvəqqəti paytaxtının Yelizavetpol - yəni Gəncə şəhəri olduğu bildirildi. İyunun 16-da yeni hökumət Gəncəyə köçdü. Gəncə 1918-ci ilin iyinun 16-dan sentyabrın 17-nə kimi AXC-nin müvəqqəti paytaxtı olmuşdur. 1993-cü il 4 iyunda Gəncədə vətəndaş müharibəsi baş verib. Milli barışıq, həmrəyliyin təmin olunması məqsədilə Heydər Əliyev iyun ayının 13-14-də Gəncəyə gəldi. Beləliklə, qardaş qırğınının qarşısı alındı, müasir müstəqil Azərbaycan dövləti yarandı.