- 27.09.1957
- Gəncə
- II Qarabağ Müharibəsi
Əliyeva Afaq Əziz qızı 1957-ci il sentyabrın 27-də Gəncə şəhərində doğulmuşdur.
1964-cü ildə Gəncə şəhər 32 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuş və 1972-ci ildə həmin məktəbi bitirərək keçmiş Bakı Politexnik Texnikumunda təhsilini davam etdirmişdir.
Elə həmin ildən də Gəncə Qənnadı fabrikində əmək fəaliyyətinə başlamışdır. Daha sonra isə Gəncə Xalça Kombinatında işləmiş, 1992-ci ildə işdən ayrılmışdır.
1989-cu ildə ailə həyatı qurmuşdur.
2011-ci ildə Gəncə “Gil-Torpaq” İstehsalat Birliyində nəzarətçi vəzifəsində çalışmağa başlamış, 2012-ci ildən əmək fəaliyyətini Gəncə Aviasiya Təmiri Zavodunda davam etdirmişdir.
İki övlad anası idi.
Əliyeva Afaq 2020-ci il 11 oktyabr tarixində Ermənistan silahlı qüvvəlləri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində oğlu Əliyev Adil və gəlini Əliyeva Günay ilə bərabər həlak olmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2020-ci il tarixli Qərarına əsasən Əliyeva Afaq Əziz qızına şəhid statusu verilmişdir.