- 08.02.1986
- Gəncə
- II Qarabağ Müharibəsi
Abbasov Ceyhun Natiq oğlu 8 fevral 1986-cı ildə Bakı şəhərində doğulmuşdur.
Orta təhsilini Bakı şəhəri Elşad Yəhyayev adına 56 saylı tam orta məktəbdə almışdır. Burada 9 il oxuduqdan sonra, təhsilini texniki peşə məktəbində davam etdirmişdir.
2004-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir.
Həqiqi hərbi xidmətini uğurla başa vurduqdan sonra peşəkar hərbçi olmaq arzusunu gerçəkləşdirmək qərarına gəlmişdir. O, 2012-dən MAXE hərbi qulluqçu kimi xidmət etməyə başlamış, Respublikanın müxtəlif bölgələrində, cəbhəyanı ərazilərdə və biləvasitə öncəbhədə xidmət etmişdir. Son xidmət yeri isə Şəmkir rayonundakı “N” saylı hərbi hissənin əks-həmlə taboru olmuşdur. Təcrübəli hərbçi taborun snayper qrupunun komandiri idi.
O, snayper silahının özəlliklərinə daha da yaxından yiyələnmək üçün Türkiyədə komando kursları keçmiş, təkmilləşib və xüsusi təyinatlı kəskin snayperçi kimi tanınmışdır. Ceyhun Abbasov, xidmət etdiyi dövrdə 50-yə yaxın xüsusi döyüş tapşırığını yerinə yetirmiş, 2016-cı ildə “Aprel döyüşləri”nin iştirakçısı olmuşdur.
2020-ci ilin iyulunda dövlət sərhəddinin Tovuz istiqamətində düşmən hücumunun qarşısını alan oğullardan biri olaraq da öz fədakarlığı ilə fərqlənmişdir.
Qəhrəman gizirin son döyüşü Murovdağ silsiləsində yerləşən Elşən zirvəsi uğrunda olmuşdur.
29 sentyabr 2020-ci ildə Elşən zirvəsi uğrunda gedən döyüşlərdə ayaq və bel nahiyəsindən yaralanan Ceyhun, təxliyyədən imtina edərək, öz yaralarını sarıyıb, ağrı kəsici iynə vuraraq, döyüşə davam etmişdir. O, yaralı halında belə, düşmənə zərbə vurmağı bacarıb: həmin andakı duruma görə məcburi və çevik qərar qəbul edən peşəkar hərbçi, yanındakı yoldaşının “qumbaraatan”ını götürərək, dörd erməni atəş istehkam məntəqəsini partladıb. Qorxmaz hərbçimiz erməni postuna girərkən şəhid olmuşdur.
Ceyhun Abbasov 12 dekabr 2020-ci ildə II Fəxri Xiyabanda dəfn edilmişdir.
Ceyhun Abbasov Azərbaycan Prezidenti adından, Müdafiə nazirinin 24 iyun 2013-cü il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” (1918-2013) yubley medalı ilə təltif olunub. 2016-cı ilin aprel döyüşlərində Lələtəpə istiqamətindəki qəhrəmanlığına görə, cənab Prezidentin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
Ailəli idi, 2 övladı yadigar qalıb. Ailəsi Gəncə şəhərində yaşayır.