- 22.02.1970
- Gəncə
- -
- I Qarabağ Müharibəsi
Veysəlov Vüqar Raqif oğlu 22 fevral 1970-ci il tarixdə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 1987-ci ildə Gəncə şəhər 30 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki ADAU) İqtisadiyyat fakültəsinə qəbul olmuşdur. Vüqar Veysəlov orta məktəbi əla qiymətlərlə oxuduğu kimi ali məktəbi də əla qiymətlərlə oxumuş, ictimai işlərdə fəal iştirak etmiş, müəllimlərin və tələbələrin dərin hörmət və rəğbətini qazandığı üçün qrup nümayəndəsi seçilmişdir. Eyni zamanda Vüqar Veysəlov həm güclü idmançı olmuş, həm də Qənbər Hüseynli adına 2 saylı Gəncə şəhər musiqi məktəbini əla qiymətlərlə bitirərək gözəl tar çalmağı bacarmış və Respublika müsabiqəsinin qalibi olmuşdur. Vüqar Veysəlov birinci kursu bitirdikdən sonra təhsilini yarımçıq qoyaraq 1988-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Sverdlovsk vilayətinin Elan şəhərində əsgəri xidmətdə olmuş və orada mexanik-sürücü peşəsinə yiyələnmişdi. O, 1989-cu ildə hərbi xidmətini başa vuraraq Gəncə şəhərinə qayıdıb Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının İqtisadiyyat fakültəsində təhsilini davam etdirmişdir.
1990-cı ildə Ağdam rayonunun Uzundərə adlanan ərazisində keçmiş Sovet hökumətinə məxsus hərbi sursat anbarlarından qrad mərmiləri və digər hərbi sursatların daşınmasında Vüqar Veysəlov da AKTA-nın digər müəllim və tələbələri kimi fəal iştirak etmiş və onun döyüş yolu da elə bu andan başlamışdır. 26 fevral 1992-ci il tarixdə erməni işğalçıları və ruslardan ibarət 366-cı motoatıcı polku tərəfindən törədilmiş Xocalı faciəsindən sonra bir çox qeyrətli oğullar kimi Vüqar da respublikada baş verən hadisələrə biganə qala bilməmiş, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının İqtisadiyyat fakültəsinin əyani şöbəsinin 4-cü kursunda oxuyan zaman təhsilini yarımçıq qoyub könüllü olaraq Gəncə özünümüdafiə batalyonuna yazılmışdır. Vüqar Veysəlovun döyüş yolu Qazax, Murovdağ, Ağdərə bölgələrindən keçmişdir. Ağdərə rayonunun Marquşavan, Marağa, Aşağı Çaylı, Yuxarı Çaylı, Həsənqaya və başqa kəndləri uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına iştirak edərək 40-a yaxın ermənini, düşmənin üç zirehli texnikasını sıradan çıxartmışdır. Vüqar Veysəlov bir neçə döyüş əməliyyatlarının iştirakçısı olmuş, öz qabiliyyəti və yüksək döyüş bacarığı ilə dəfələrlə əsgər yoldaşlarını düşmən mühasirəsindən azad etmişdir. Vüqar Veysəlov döyüş zamanı hər an öndə getdiyi üçün komandirlərin hörmətini qazanmış, hərbi hissə rəhbərliyi tərəfindən dəfələrlə valideynlərinə onun barəsində təşəkkürnamələr göndərilmişdir. Lakin bir çox döyüşlərdə fəal iştirak etmiş Gəncə özünümüdafiə batalyonunun 280 nəfərlik heyətindən cəmi 70 nəfər qalmışdı. Azərbaycan torpaqlarının müdafiəsi uğrunda erməni qəsbkarları ilə aparılan qeyri-bərabər döyüşlərin birində, 3 iyul 1992-ci il tarixdə Vüqar Veysəlov qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalmışdır.
Vüqar Veysəlovun qəhrəmanlıq salnaməsinə çevrilən həyatı mətbuat səhifələrində geniş işıqlandırılmış, onun barəsində «Azərbaycan müəllimi», «Ziyalı», «Gəncənin səsi», «Kadr uğrunda» qəzetlərində məqalələr dərc edilmiş, eyni zamanda qəhrəman həmyerlimiz haqqında Eynəddin Məmmədovun müəllifi olduğu «Ölməzlik», Məmmədtağı Cəfərov və Şamxal Rüstəmin müəllifi olduqları «Bir ocağın alovları», Abdulla Qurbaninin «Şəhidlər danışır» kitabları yazılmışdır. Veysəlov Vüqar Raqif oğlunun ruhuna hörmət əlaməti olaraq oxuduğu 30 saylı orta məktəb onun adını daşıyır, Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinin həyətində şəhidin barelyefi qoyulmuşdur.