Gəncədə Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının yaranmasının 34-cü ildönümü ilə bağlı tədbir keçirilib. Tədbir Daxili Qoşunların Gəncə şəhərində yerləşən N saylı hərbi hissəsində baş tutub. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Teymur Hacıyev, Gəncə Şəhər Prokuroru Rauf Gözəlov, Daxili Qoşunların N saylı Hərbi hissəsinin komandiri, polkovnik Emil Rüstəmov və digər rəsmi şəxslər, həmçinin N saylı hərbi hissənin şəxsi heyəti, şəhid ailələri və müharibə veteranları tədbirdə iştirak ediblər.
Əvvəlcə N saylı hərbi hissənin ərazisində şəhidlərin xatirəsinə ucaldılan abidə ziyarət olunub və önünə tər çiçəklər düzülüb. Tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycan müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxışlarda Daxili Qoşunların ölkədə ictimai asayişin qorunması, təhlükəsizliyin təmin edilməsi və dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində gördüyü mühüm işlərdən danışılıb. Bildirilib ki, Daxili Qoşunlar hər zaman dövlətə və xalqa sədaqətlə xidmət edir və ictimai təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Vətən müharibəsi dövründə və antiterror əməliyyatları zamanı Daxili Qoşunların şəxsi heyəti yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirərək üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirib.
Tədbir çərçivəsində Daxili Qoşunların yaranmasının 34-cü ildönümü və qarşıdan gələn Novruz bayramı münasibətilə şəxsi heyət təbrik olunub, xidmətdə fərqlənən hərbi qulluqçular təltif edilib, şəhid ailələrinin üzvlərinə isə hədiyyələr təqdim edilib.


































