Hörmətli Şəhid ailələri, Gəncə sakinləri və şəhərimizin qonaqları!
Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu əlamətdar tarix xalqımızın birlik və həmrəylik ruhunu, milli-mənəvi dəyərlərə sədaqətini bir daha nümayiş etdirir. Dünya azərbaycanlılarını eyni məqsəd və idealar ətrafında birləşdirən bu gün müstəqil və güclü dövlətimizin möhkəmliyinin rəmzidir.
Yeni il yeni ümidlər, yeni məqsədlər və daha böyük nailiyyətlər üçün bir başlanğıcdır. Arzu edirəm ki, 2026-cı il ölkəmizə sabitlik və davamlı inkişaf gətirsin, hər bir ailənin ocağına sevinc, ruzi-bərəkət və xoşbəxtlik bəxş etsin. Qoy Yeni il Gəncə şəhərinin və bütün Azərbaycanımızın həyatında yeni uğurların, quruculuq və tərəqqinin ili olsun.
Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizi dərin ehtiramla anır, onların ailələrinə səbir və dözüm, müharibə veteranlarına möhkəm cansağlığı arzulayıram. Qoy həmrəylik ruhu daim güclü olsun, dövlətimiz daha da qüdrətlənsin, Yeni il hər kəs üçün xeyirli və uğurlu olsun.
Hörmətlə,
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov