Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb. Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Gəncə şəhər İ.Nəsimi adına 44 nömrəli məktəb-lisey kompleksində keçirilən görüşdən öncə təhsil müəssisəsinin şəhid məzunlarının xatirə lövhəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.
Səyyar görüş zamanı şəhər rəhbəri ilk olaraq əlilliyi olan vətəndaşların müraciətlərini dinləyib. Onların sosial-məişət şəraiti, mövcud ehtiyacları və qarşılaşdıqları çətinliklər araşdırılıb, problemlərinin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.
Görüşdə iştirak edən vətəndaşların müraciətləri arasında işlə təminat, maddi yardım, fərdi yaşayış evinin təmirinə köməklik göstərilməsi və digər sosial məsələlər yer alıb. Niyazi Bayramov səsləndirilən məsələlərin qısa zamanda qanunamüvafiq şəkildə həlli üçün aidiyyəti qurumlara tapşırıqlar verib. Araşdırma tələb edən bir sıra müraciətlər isə qeydiyyata alınıb.
Vətəndaşlar problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Görüşdən sonra Niyazi Bayramov Gəncə şəhərinin Füzuli parkında sakinlərlə söhbət edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər bundan sonra da davam etdiriləcək.















