Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlət rəhbərliyi tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, ölkənin bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də şəhid və müharibə iştirakçılarının ailələrinin mövcud problemlərinin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid ailələrini mütəmadi olaraq ziyarət edir, onların qayğıları ilə yaxından maraqlanır.
Görüşlər zamanı şəhid ailələrinin mövcud vəziyyəti, sosial ehtiyacları və səsləndirdikləri müraciətlər dinlənilir. Qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilir.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirirlər.
