Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Məmmədov Rəşad Fərəməz oğlunun anası Rəfiqə Süleymanovanı səhhətində yaranmış problemlə əlaqədar olaraq evində ziyarət edib. Görüşdə şəhid atası Miryunis Seyidzadə, Kəpəz bələdiyyəsinin sədri Yaşar Abdullayev və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları da iştirak ediblər.Niyazi Bayramov şəhid anasının səhhəti ilə maraqlanıb, ona şəfa diləyib. Şəhər rəhbəri Rəfiqə Süleymanovaya müvafiq köməklik göstərilməsi ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verib.
Rəfiqə Süleymanova göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin təşəkkürünü bildirib.
Qeyd edək ki, Rəşad Məmmədov 8 noyabr 2020-ci ildə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhid olub. O, 17 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Şəhid Rəşad Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” (ölümündən sonra) və 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilib.
