Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qazilərlə görüşüb. Şəhər rəhbəri müavinləri və bir neçə ziyalı ilə birlikdə Vətən müharibəsi iştirakçılarını evlərində ziyarət edib. Rəsmilər qazilərlə söhbət edib, səhhətləri və müalicələri ilə maraqlanıb, qazanılmış tarixi zəfər münasibətilə onları təbrik ediblər.
Niyazi Bayramov bildirib ki, rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və qətiyyəti, həmçinin xalqımızın dəstəyi nəticəsində tarixi zəfərə imza atdı. Həm hərbi qulluqçularımız, həm də könüllü döyüşlərə yollanan igid oğullarımız böyük qəhrəmanlıq nümayiş etdirdilər. Azərbaycan Ordusu xalqımıza şərəfli anları yaşatdı. Qəhrəman oğullarımızın qanı, canı bahasına tarixi ədalət bərpa olundu.
Söhbət zamanı qazilər keçdikləri döyüş yolundan danışıb, öz təəssüratlarını bölüşüblər. Qazi Mahir Hüseynov qeyd edib ki, onlar Vətən qarşısında öz vəzifələrini yerinə yetiriblər. Bununla belə Azərbyacan xalqının dəstəyi, yüzlərlə, minlərlə gəncin könüllü döyüşlərə yollanması onlara əlavə güc və stimul verib: “Arxa cəbhənin dəstəyi biz hərbiçiləri döyüşə daha çox sövq edirdi. Bizim bu döyüşdə qələbədən başqa yolumuz yox idi”.
Qazi Hüseyn Dadaşov bildirib ki, Vətən müharibəsi bir daha göstərdi ki, Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, bir yumruq halında birləşə bilir. Biz döyüşdə olarkən həm dövlətin, həm də xalqın dəstəyini hiss edirdik. Ordunun təminatı yüksək səviyyədə idi, bununla belə arxa cəbhədən də bizə xeyli sovqat gəlirdi. Ordu ilə birlik nümayiş etdirən Azərbaycan xalqı da bu qələbənin qazanılmasında əsas pay sahibidir.
Niyazi Bayramov bildirib ki, şəhid ailələri, qazilər və Vətən Müharibəsinin iştirakçıları daim diqqətdə olacaq, onlar hər zaman dövlətimizin qayğısını hiss edəcəklər. Şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa dilənib.
Qazilər göstərilən diqqətə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.