Bu gün 20 Yanvar faciəsinin 31-ci il dönümüdür. Gəncədə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad edilib. Anım mərasimi ölkədə tədbiq edilən xüsusi karantin rejimi qaydalarına uyğun şəkildə keçirilib. Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhid ailələri iştirak ediblər.
Əvvəlcə Şəhidlər Xiyabanının girişində "Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş şəxslərin xatirəsinə" inşa edilmiş və üzərində 100-ə yaxın şəxsin adı qeyd edilmiş lövhənin önünə güllər düzülüb.
Daha sonra şəhər rəhbəri Niyazi Bayramov Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil qoyub, şəhidlərin ruhuna hörmət və ehtiramını ifadə edib. Abidə digər mərasim iştirakçıları tərəfindən də ziyarət olunub.
Xatırladaq ki, ölkədə tədbiq edilən xüsusi karantin rejiminin qaydaları nəzərə alınaraq sakinlər anım mərasimində iştirak etməyiblər. Bunula belə şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, bir neçə kollektiv üzvü ilə birlikdə gün ərzində Şəhidlər Xiyabanına gələrək, torpağı Vətən edənlərin xatirəsinə ehtiramlarını bildirəcəklər.
20 yanvar 1990-ci il müasir tariximizin ən faciəli günlərindən biri olsa da Azərbaycan xalqının milli iradəsinin zəfər çaldığı gün kimi tarixdə qalacaq!